Fevralın 7-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşları Kəngərli rayonunun Qıvraq qəsəbəsində şəhid Abbaslı Arif Firuz oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı Məcid Seyidov qəhrəman övlad yetişdirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlığını bildirərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı şanlı qələbələrdən danışıb. Qeyd olunub ki, ölkəmizə qarşı istənilən təhdidə cavab verməyə qadir qüdrətli dövlətimiz və güclü Ordumuz var. Bu isə vətəndaşlarda təhlükəsizlik və sabitlik baxımından böyük əminlik yaradır.
Ziyarət zamanı qonaqlar şəhidin anası Əntiqə Abbaslını 8 Mart – Beynəlxalq Qadınlar Günü və həmin günə təsadüf edən doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona qəhrəman övladının portretini hədiyyə ediblər.
Şəhid ailəsi göstərilən diqqətə görə təşəkkür edib, dövlətimizin şəhid ailələrinə daim xüsusi həssaslıq və diqqətlə yanaşdığını vurğulayıb. Bildirilib ki, bu cür ziyarətlər qəhrəmanlarımızın xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir.
Görüşdə Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan şəhid Arif Abbaslının keçdiyi qəhrəmanlıq yolundan söz açılıb, şəhidlərimizin gənc nəslə miras qoyduğu vətənpərvərlik ruhunun daim yaşadılacağına əminlik ifadə olunub.